“Vitality” komandasının kapitanı Dan “apEX” Madeskler “BLAST Rivals 2026 Season 1” turnirindəki möhtəşəm qələbədən sonra təəssüratlarını bölüşüb.
Xatırladaq ki, həlledici final qarşılaşmasında “Vitality” kollektivi “Natus Vincere”ni (NAVI) 3:0 hesabı ilə darmadağın edib. Görüş xəritələr üzrə 16:12 (Nuke), 13:11 (Anubis) və 13:3 (Dust 2) hesabları ilə başa çatıb.
“Bu komandanın nə vaxt dayanacağını bilmirəm, amma bu uğurlu seriyanın mümkün qədər uzun sürməsi üçün əlimdən gələni edəcəyəm. Biz sadəcə var gücümüzlə çalışmağa davam etməliyik. Çünki rəqiblər bizi getdikcə daha dərindən analiz edir və qarşımızı almaq üçün müxtəlif yollar axtarırlar – eynilə bu gün NAVI-nin etdiyi kimi. Onlar bu gün bizi durdurmaq üçün həqiqətən çox çalışırdılar.
Digər komandalar getdikcə güclənir, bizi məğlub etmək üçün heyətlərində köklü dəyişikliklər edirlər və aydındır ki, hansısa məqamda biz yenidən uduzacağıq. Ötən il ardıcıl yeddi turnirdə qalib gəlmişdik, bu il isə artıq beşinci titulumuzu qazandıq. Bu seriyanın nə vaxt qırılacağını deyə bilmərəm, lakin tarixin ən yaxşı komandası olduğumuza zərrə qədər də şübhəm yoxdur,” – deyə apEX bildirib.