“G2” CS2 üzrə “Esports World Cup” turnirində “Astralis” komandasını 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Üç xəritənin yekununa əsasən, fərdi reytinqə görə matçın ən yaxşı oyunçusu “G2″nin ukraynalı snayperi Artem “r1nkle” Moroz (1.31) olub.
Xəritələrdə oyunun gedişatı
Seriya “Astralis”ın seçimi olan “Ancient” xəritəsində başlayıb. Danimarkalılar ard-arda qazanılan raundlarla inamlı start götürüblər – 6:0. “G2″nin tərəflərin dəyişməsinə qədər hesabı 5:7-yə çatdıraraq oyuna qayıtmaq cəhdinə baxmayaraq, “Astralis” müdafiədə qüsursuz oynayıb və öz pikini rahatlıqla qələbə ilə başa vurub – 13:6.
“Dust2” xəritəsində isə təşəbbüsü tamamilə “G2” ələ keçirib. Hücumda güclü başlangıc sayəsində ilk hissəni 9:3 hesabı ilə bağlayan komanda, daha sonra müdafiədə də rəqibini inamla üstələyib – 13:6. AWP ilə 12 fraq toplayan “r1nkle” bu xəritədə qələbəyə böyük töhfə verib.
Matçın taleyi həlledici “Inferno” xəritəsində həll olunub. İlk hissədəki gərgin mübarizə “G2″nin minimal üstünlüyü ilə başa çatıb (7:5). Tərəflər dəyişdikdən sonra bir neçə vacib multikill reallaşdıran Qay “NertZ” İluzun fenomenal performansı “Astralis”ə heç bir şans saxlamayıb. Yekun hesab – “Samuraylar”ın xeyrinə 13:7.
“G2” heyəti dörddəbir finala yüksələrək burada “FURIA” – “Aurora” cütünün qalibi ilə qarşılaşacaq. “Astralis” isə turniri 9–16-cı yerlərdə başa vuraraq 35 000 dollar mükafat fondu əldə edib.
