“Team Spirit” “Counter-Strike 2” üzrə “ESL Pro League Season 24” turnirinin pley-off mərhələsinə vəsiqə qazanan sonuncu kollektiv olub. Həlledici qarşılaşmada komanda “M80” üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb — “Dust2” xəritəsində 13:6, “Cache” xəritəsində isə 13:10.
Bu, “Spirit” üçün pley-offa yüksəlmək yolunda üçüncü cəhd idi. Daha əvvəl “MOUZ” və “1win” komandalarına məğlub olan kollektiv bu dəfə şansını boşa verməyib.
“donk”un möhtəşəm oyunu və “Spodek Arena” vəsiqəsi
İlk xəritə olan “Dust2″də “Spirit” oyuna tam nəzarət edərək 13:6 hesabı ilə qalib gəlib. “M80″in seçimi olan “Cache”də isə mübarizə daha gərgin keçsə də, “Spirit” xəritəni 13:10 hesabı ilə bağlamağı bacarıb.
Qələbədə özünün ən yaxşı formasında çıxış edən və rəqibin təşəbbüsü ələ keçirməsinə imkan verməyən Danil “donk” Krışkovets böyük rol oynayıb. Həmçinin Boris “magixx” Vorobyov və Dmitri “sh1ro” Sokolovun icrasında vacib klatçlar (clutch) matçın taleyini həll edən amillərdən olub.
Beləliklə, “Spirit” “ESL Pro League S24” pley-offuna sonuncu vəsiqəni təmin edib və “Spodek Arena” səhnəsində çempionluq uğrunda mübarizə aparacaq.
